MƏDƏNİYYƏT
Müstəqilliyimiz əbədidir
Bakı, 18 oktyabr, AZƏRTAC
18 oktyabr - Dövlət Müstəqilliyi Günü Gənc Tamaşaçılar Teatrında qeyd olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizin müstəqillik illərində qazandığı uğurlardan danışılıb.
Teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov əlamətdar gün münasibətilə kollektiv üzvlərini təbrik edib. Qeyd edib ki, hər bir xalq zaman-zaman öz müstəqilliyini əldə etmək, öz taleyinə sahib çıxmaq arzusunda olub.
Bildirilib ki, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra əldə etdi. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan bu gün nəinki regionun lider dövlətinə, eyni zamanda dünyada böyük nüfuza malik bir ölkəyə çevrilib.
Daha sonra M.Həmidov bildirib ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə başçımız İlham Əliyevin bütün sahələr üzrə uğurlu fəaliyyəti onu deməyə əsas verir ki, müstəqilliyimiz əbədidir və heç bir daxili və xarici qüvvələr ona xələl gətirə bilməz.