Muxtar respublikada Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir
Naxçıvan, 6 iyul, AZƏRTAC
Muxtar respublikada Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir. Növbəti tədbir Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında baş tutub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, teatrda keçirilən konsert proqramında şair Xanəli Kərimli çıxış edərək Aşıq Ələsgərin həyat və yaradıcılığından söhbət açıb. O qeyd edib ki, 2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Aşıq Ələsgər zəngin yaradıcılığı ilə Azərbaycan aşıq ədəbiyyatının barlı-bəhərli əbədiyyət ağacıdır. Zaman-zaman nəsillər bu ağacı ziyarət edəcək, Aşıq Ələsgərin söz dünyasından nübar sözlər, misralar, fikirlər dərəcək, Aşıq Ələsgər möcüzəsi yenə də bitib-tükənməyəcək.
“XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan aşıq ədəbiyyatında Aşıq Ələsgər möcüzəsi ilə sazın, sözün yeni ömrü başlayıb. “Haqq aşığı” ifadəsi Dədə Ələsgərin simasında yenidən dirilib gerçəkləşib”, - deyən Xanəli Kərimli bildirib ki, 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olan Ələsgəri atası Alməmməd kişi böyük külfətini dolandıra bilmədiyindən 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 4 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edir. Ələsgər Kərbəlayı Qurbanın qızı Səhnəbanuya aşiq olsa da, bu sevda baş tutmur. İllər keçir, Ələsgər nakam məhəbbətin ağrı-acısını yaşayır, uzun illər ilk məhəbbətini unuda bilmir, çətinliklərdən, sınaqlardan keçə-keçə sazla-sözün qovuşduğu dəryaya can atır. Dövrünün qüdrətli sənətkarı Aşıq Alı onun gələcək taleyini büsbütün dəyişir. Fitri istedadı, kəskin hafizəsi, şəxsiyyəti, nəcibliyi ilə hər kəsdən seçilən Ələsgər beş il Aşıq Alıya şagirdlik edir, saz dünyasının sirlərinə bələd olur, sirlər qapısını açıb, ustadlıq mərtəbəsinə yetişir.
Konsertdə muxtar respublikanın populyar müğənnilərin ifalarında musiqi nömrələri səsləndirilib. Naxçıvan Aşıqlar Birliyinin üzvü Aşıq Aydın Cəfərovun, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Əli İsmayılovun, Gülzar Əhmədlinin, Naxçıvan Aşıqlar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Tural Bağırovun, Pünhanə Hüseynovanın, Zeynəb Hüseynovanın, Naxçıvan sazçalanlar qrupunun ifaları alqışlarla qarşılanıb.