Muxtar respublikada ötən il 138 layihə üzrə istehsal və xidmət sahəsi istifadəyə verilib
Naxçıvan, 16 aprel, AZƏRTAC
Ölkəmizdə iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunması və qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyənləşdirilmiş strategiyaya uyğun olaraq Naxçıvan Muxtar Respublikasında həm yerli xammala əsaslanan, həm də yüksək texnologiya bazalı sənaye müəssisələrinin yaradılması işi uğurla icra olunur. 2020-ci ildə 138 layihə üzrə istehsal və xidmət sahəsi istifadəyə verilib, 42 layihənin icrası davam etdirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin məlumatına əsasən yeni emal müəssisələrinin fəaliyyətə başlaması sənayenin inkişafına da əhəmiyyətli təsir göstərib, 2020-ci ildə sənaye məhsulunun həcmi artaraq 1 milyard 40 milyon 475 min 900 manat olub, sənayedə özəl sektorun payı isə 93,4 faiz təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.
Qeyd edək ki, muxtar respublikanın hərtərəfli iqtisadi inkişafında sənaye sahələrinin genişləndirilməsinin mühüm rolu vardır. Sənaye məhsulunun həcminə görə ölkəmizin iqtisadi rayonları arasında öncül yerlərdən birini tutan Naxçıvanda bu sahə yüksək gəlirliliyi ilə seçilir. Məhz buna görə də muxtar respublikanın gələcək inkişafı üçün sənaye istehsalının dayanıqlı və yüksək artım tempinin təmin edilməsi, strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması dövlət siyasətinin əsas məqsədlərindəndir.