REGİONLAR
Muxtar respublikanın su anbarlarına 146,26 milyon kubmetr su toplanılıb - AÇIQLAMA
Naxçıvan, 28 noyabr, Nail Əsgərov, AZƏRTAC
Qlobal iqlim dəyişikliyi, illik yağıntı miqdarının azalması muxtar respublikanın da su ehtiyatlarına təsirsiz ötüşməyib. Buna baxmayaraq, cari ilin əvvəllərindən başlayaraq yağıntıların miqdarının ötən illərə nisbətən daha çox olması muxtar respublikada su ehtiyatlarının artmasına imkan verib. Belə ki, 2024-cü ilin iyun ayında su anbarlarında maksimal olaraq 289,35 milyon kubmetr su ehtiyatı toplanıb.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin şöbə müdiri Səttar Nəsirov deyib.
O qeyd edib ki, 2024-cü ilin oktyabr ayının sonunda sututarlarda 180,78 milyon kubmetr su ehtiyatı mövcud olub. Su istifadəçilərinə yanvar-oktyabr ayları ərzində 225,13 milyon kubmetr su verilib, bunun müqabilində təkrar suvarılma nəzərə alınmaqla, 181 min 716 hektar torpaq sahəsi suvarılıb.
Ümumiyyətlə, cari ilin 28 noyabr tarixinə olan məlumata görə, muxtar respublikanın su anbarlarına 146,26 milyon kubmetr su toplanılıb. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 53,05 milyon kubmetr idi. Heydər Əliyev Su Anbarında isə hazırda 41,24 milyon kubmetr su ehtiyatı var, ötən ilin müvafiq dövründə isə bu göstərici 9,39 milyon kubmetr təşkil edib.