REGİONLAR
Naftalanda insultun reabilitasiyası və elektrostimulyasiya üzrə I regional təlim keçirilib - YENİLƏNİB
Naftalan, 6 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Naftalan şəhərində Səhiyyə Nazirliyi, Tibb Universiteti, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi və nazirliyin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun təşkilatçılığı ilə insultun reabilitasiyası və elektrostimulyasiya üzrə I regional təlim keçirilib.
Konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, ölkənin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimin məqsədi insultlu xəstələrin reabilitasiyasının təşkili, bu sahədə olan elmi və praktik yeniliklərin həkimlərə praktik çatdırılması olub. Bu məqsədlə problemin müxtəlif sahələrinə həsr olunan məruzələr təqdim edilib.
Təlimdə Avropada təlim keçmiş həkimlər insultlu xəstələrdə udma pozuntularının müalicəsi haqqında biliklərini paylaşıblar. Eyni zamanda, insultlu xəstələrin reabilitasiyasında mühüm yer tutan elektrostimulyasiya növləri barədə məlumat veriblər.
Konfransda çıxış edən Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, professor Sədaqət Hüseynova iştirakçıları salamlayaraq, təlimin mahiyyəti haqqında qısa məlumat verib. Daha sonra “İnsultlu xəstələrin müalicəsində müasir yanaşmalar” mövzusunda çıxış edib.
Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi, kurortologiya və reabilitasiya üzrə kurator Nigar Nəzərli çıxışında son zamanlar diqqətdə olan kurortologiya və reabilitasiyanın təşkili ilə bağlı fikirlərini bölüşüb.
Təlimə Azərbaycanın müxtəlif bölgələrindən həkimlər (nevroloq, reabilitoloq, fizioterapevtlər, ailə həkimləri, orta tibb işçiləri) qatılıb.
Sonda iştirakçılar sertifikatlarla, davamlı tibbi təhsil (DTT) kredit balları ilə təltif olunublar.
09:33
Naftalan şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi və Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun təşkilatçılığı ilə “İnsultun reabilitasiyası və Elektrostimulyasiya üzrə I regional təlim” mövzusunda konfrans işə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, ölkənin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Tədbir çıxışlar və müzakirələrlə davam edəcək.