“NAMƏLUM ƏSGƏR” MEMORİALINI ZİYARƏT
Memorialın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev “Əbədi məşəl”in önünə əklil qoydu, 1941-45-ci illər Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndi.
Dövlətimizin başçısı qədim Kiyev şəhərinin mənzərəsini seyr etdi.
Sonra Prezident İlham Əliyev Ukrayna paytaxtının sakinləri ilə səmimi salamlaşaraq söhbət etdi. Azərbaycan rəhbərinin mehriban münasibətindən mütəəssir olan kiyevlilər bunu özləri üçün ən yaddaqalan hadisə kimi dəyərləndirdilər, dövlətimizin başçısına uğurlu səfər arzuladılar.
Memorialı ziyarət zamanı Prezident İlham Əliyevi Ukraynanın xarici işlər naziri Konstantin Qrişşenko, Kiyev şəhər şurasının sədri Aleksandr Omelçenko, Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev, Ukraynanın Azərbaycandakı səfiri Boris Aleksenko və digər rəsmi şəxslər müşayiət edirdilər.