ELM VƏ TƏHSİL
Nanokompozitlərin quruluş xüsusiyyətləri və kristallaşma mexanizminə dair tədqiqat aparılır
Bakı, 5 aprel, AZƏRTAC
Polimer Materialları İnstitutunun aparıcı elmi işçisi dosent Xəyalə Allahverdiyeva, laboratoriya müdiri professor Nəcəf Qəhrəmanov və aparıcı elmi işçi Fatimə Mustafayevanın həmmüəllifi olduqları “Maleinləşdirilmiş yuxarı sıxlıqlı polietilen və texniki karbon əsasında olan nanokompozitlərin quruluş xüsusiyyətləri və kristallaşma mexanizmi” adlı məqalədə Exxelor PE 1040 ilə modifikasiya olunmuş yuxarı sıxlıqlı polietilen və texniki karbon əsasında olan nanokompozitlərin pilləli dilatometriya üsulu ilə kristallaşma prosesinin kinetik qanunauyğunluqlarının tədqiqi nəticələri təqdim edilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məqalə İngiltərədə nəşr olunan “Heliyon” jurnalında yer alıb.
“PubMed”, “Scopus”, “Web of Science”, “Science Citation Index Expanded” (SCIE) və digər bazalara daxil olan jurnal 3.776 (yüksək) impakt faktora malikdir və Q1 kateqoriyasındadır.