Narkotik vasitə satan Qusar sakinləri saxlanılıb
Qusar, 19 mart, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri E.Abdulhəmidov və S.İsabalayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, axtarış zamanı həmin şəxslərdə marixuana aşkar edilib.
Polis əməkdaşları tərəfindən E.Abdulhəmidova narkotik vasitəni satmaqda şübhəli bilinən N.Ağakərimov da müəyyən edilərək saxlanılıb. Onun yaşadığı evə baxış zamanı oradan 370 qram marixuana, metamfetamin və kultivasiya yolu ilə yetişdirilmiş 17 ədəd çətənə kolu aşkarlanıb.
Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.