SİYASƏT
Nasir Əbdüləziz Əl-Nasir Bakıda “Euronews” telekanalına müsahibə verib
![Nasir Əbdüləziz Əl-Nasir Bakıda “Euronews” telekanalına müsahibə verib](/files/2016/1/1200x630/14615923096399016487_1200x630.jpg)
Bakı, 25 aprel, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunda iştirak edən Alyansın ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir “Euronews” telekanalına müsahibə verib.
AZƏRTAC xəbər verir ki, müsahibəsində ali nümayəndə təmsil etdiyi qurumun üzərinə düşən vəzifələrdən danışıb. Bildirib ki, BMT Sivilizasiyalar Alyansının fəaliyyəti miqrasiya, təhsil, media və gənclər bölməsindən ibarətdir. Alyansın VII Forumunun mövzusu BMT-nin dörd sütunu ilə bağlıdır: sülh və təhlükəsizlik, insan hüquqları, hüquq qaydaları və davamlı inkişaf.
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir deyib: “Media, bu gün də gördüyümüz kimi, müsbət və mənfi rol oynaya bilər. Bu gün Orta Şərqdən Avropaya miqrasiya axınını işıqlandırmaqda media bəzən düzgün yanaşma ortaya qoymur. Bu məsələyə olduqca həssas yanaşılmalıdır. Ona görə ki, Avropaya miqrasiya edən insanlara dünya kömək əlini uzatmalıdır. Düşünürəm ki, bu işdə medianın üzərinə də böyük vəzifələr düşür”.
Sivilizasiyalar Alyansının ali nümayəndəsi “Euronews” telekanalına müsahibəsində VII Qlobal Bakı Forumunun əhəmiyyətindən, burada səslənən fikir və ideyaların yaxın gələcəkdə reallaşdırılması istiqamətində atılacaq addımlardan geniş söhbət açıb.