Naxçıvan Bölməsində məktəblilər üçün Novruz bayramına həsr olunmuş interaktiv dərs keçirilib
Naxçıvan, 18 mart, AZƏRTAC
AMEA Naxçıvan Bölməsində muxtar respublika məktəbliləri üçün “Milli-mənəvi dəyər daşıyıcısı - Novruz” mövzusunda interaktiv dərs keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova əvvəlcə məktəblilərə zaman, fəsil və bayram kimi anlayışların yaranması, bu məfhumların xalq təfəkküründəki rolundan danışıb. Qeyd olunub ki, bolluq və firavan həyat arzularını bayram anlayışında birləşdirən əcdadlarımız həmin bayramları zaman keçdikcə oyun, nəğmə, yallı, ənənə və mərasimlərlə bəzəyərək tarixə hədiyyə ediblər. Hər il qeyd olunan Novruz bayramı da məhz qədim türk millətinin ulu bayramlarından biridir. Milli birlik və bərabərliyi özündə ehtiva edən Novruzun hər məqamında türklüyü simvolizə edən adət-ənənələr günümüzə qədər gəlib çatıb.
Tədqiqatçı sovet dönəmində Novruz bayramının keçirilməsinə qoyulan qadağalar, görkəmli dövlət və elm xadimi Şıxəli Qurbanovun xidmətləri haqqında məlumat verib. Şagirdlərin diqqətinə çatdırılıb ki, məhz onun yorulmaz mücadiləsi sayəsində uzunmüddətli fasilədən sonra 1967-ci ildə Novruz bayramı ilk dəfə dövlət səviyyəsində qeyd olunub. Edilən bütün xəbərdarlıqlara məhəl qoymadan vətənpərvər alim milli mənəvi dəyərlərimizin təcəssümü olan Novruzun dinimizlə deyil, tariximizlə, etnik mənşəyimizlə bağlılığını sübut edib.
“Novruz bayramının dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır”, - deyən alim Ulu Öndərin hakimiyyətinin bütün dövrlərində tariximizə, mədəniyyətimizə, eləcə də folklorumuza göstərdiyi diqqət və qayğını interaktiv dərs iştirakçılarının diqqətinə çatdırıb.
Bayramın mənşəyi ilə əlaqədar müxtəlif mülahizələr, dünyanın yaranmasında iştirak edən dörd ünsürü təcəssüm etdirən çərşənbələrin qeyd olunması, xalq arasında keçirilən müxtəlif ayinlər, mərasimlər və digər folklor nümunələri dərsin əsas mövzularını təşkil edib.