Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının fəaliyyətə başlamasından 53 il ötür
Naxçıvan, 24 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının yaranması günü münasibətilə “Kitablardan pıçıltılar” adlı tədbir təşkil edilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ali təhsil ocağının İncəsənət fakültəsində keçirilən tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev 1968-ci aprel ayının 23-də fəaliyyətə başlayan kitabxananın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb. Rektor 2004-cü ildə universitet kitabxanası üçün Avropa standartlarına uyğun yeni beşmərtəbəli binanın inşa edilməsini muxtar respublikada təhsilə, elmə göstərilən yüksək diqqət və qayğının bəhrəsi kimi dəyərləndirib.
“Muxtar respublika rəhbərinin qayğısı sayəsində kitabxananın fondu zənginləşdirilib, maddi-texniki bazası ən müasir tələbələr səviyyəsində qurulub”, - deyən Elbrus İsayev qeyd edib ki, universitetin Elmi Kitabxana elmi-kütləvi tədbirlər, kitab sərgiləri, qısamüddətli və daimi sərgilər, həmçinin kitab təqdimatları və müzakirələri təşkil olunur. Rektor müntəzəm oxucu kontingentinin cəlb edilməsi istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitablar”ın mütəmadi olaraq müzakirə olunduğu dəyirmi masaların əhəmiyyətini vurğulayıb. Müəllim və tələbələrin kitabxana ilə əlaqələrinin daha da gücləndirilməsi istiqamətində konkret tapşırıqlar verən Elbrus İsayev kitabxananın kitab fondunun zənginləşdirilməsi istiqamətində tövsiyələrini verib, kitabxana əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib, məhsuldar və yaradıcı fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Elmi Kitabxananın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə Elmi Kitabxana və Tələbə Teatr Studiyasının əməkdaşlarının oxunması zəruri olan kitablardan bədii qiraətləri və hazırladıqları ədəbi-bədii kompozisiya maraqla qarşılanıb.