Naxçıvan Muxtar Respublikasında “Yeniyetmə qızların liderlik və motivasiya məktəbi” layihəsinin ilk günü keçirilib
Bakı, 22 dekabr, AZƏRTAC
“Azərbaycan Uşaqları” İctimai Birliyinin (AUİB) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında “Yeniyetmə qızların liderlik və motivasiya məktəbi” layihəsinin ilk günü keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində AUİB-nin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində reabilitasiya keçən həssas qrupdan olan 11 lider qız Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və yaradıcılığı ilə yaxından tanış olub.
Layihə çərçivəsində ilk görüş Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ilə keçirilib. Görüşdə komitə sədri liderlik bacarıqlarının artırılması, inkişaf etdirilməsi üçün motivasiya modellərini iştirakçılar ilə bölüşüb. Daha sonra iştirakçılar Rəssamlar İttifaqında keçirilən sərgi ilə tanış olublar.
Layihənin davamında iştirakçılar Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin vəzifəsini müvəqqəti icra edən nazir müavini Elxan Nəcəfov və Naxçıvan Dövlət Universitetinin prorektoru Aidə Cəlilzadə ilə görüşüblər. Səmimi görüş zamanı uşaqların təhsil sahəsində inkişafı, yaradıcılıq bacarıqları, innovativ yeniliklər və peşə bacarıqları mövzuları ətrafında birgə fəaliyyət, əməkdaşlıq müzakirələri aparılıb.
Görüşün sonunda iştirakçılar əl işlərindən ibarət hədiyyələri rəhbər şəxslərə təqdim ediblər.