Naxçıvan şahmatçıları Belqradda keçirilən turnirə uğurlu nəticələrlə başlayıblar
Naxçıvan, 25 iyun, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradda keçirilən şahmat turnirində Naxçıvan şahmatçıları yarışa uğurlu nəticələrlə başlayıblar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, şahmat üzrə “Silver Lake 2021 Open” və “Serbia Chess Open 2021” yarışlarında ölkəmizi 17 şahmatçı təmsil edir. Naxçıvan şahmatçılarının da iştirak etdiyi turnirdə təmsilçilərimizdən Toğrul Həsənzadə, Pərviz Qasımov, Sadiq Qarayev, Nəsrin Babayeva və Nazlı Hümbətova yarışın ilk turunda qələbə qazanıblar.
Turnirə 42 ölkədən 461 şahmatçı qatılıb. Azərbaycan şahmatçılarından 13-ü “Masters”, 4-ü isə “Amateurs” yarışlarında iştirak edirlər. “Masters” turnirində Eltac Səfərli, Vüqar Əsədli, Aydın Süleymanlı, Ülvi Sadıqov, Vüqar Rəsulov, Məhəmməd Muradlı, Misrətdin İsgəndərov, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Pərviz Qasımov, Read Səmədov, Toğrul Həsənzadə və Gövhər Beydullayeva, “Amateurs” yarışında isə Sadiq Qarayev, Nəsrin Babayeva, Nazlı Hümbətova və Ramazan Şərifov mübarizə aparırlar.