REGİONLAR
Naxçıvan şəhərində “Rəssamların fırçasında qadınlar və güllər” adlı rəsm sərgisi açılıb
Naxçıvan, 7 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının iştirakı və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində açıq hava altında “Rəssamların fırçasında qadınlar və güllər” mövzusunda rəsm sərgisi təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sərgidə Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədri Yazgül Rzayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Naxçıvan Qızlar Liseyinin direktoru Aida Allahverdiyeva çıxış edərək qadınların ictimai, siyasi və mədəni həyatdakı rolundan danışıblar.
Qeyd edilib ki, dünyada qloballaşma prosesinin getdiyi bir vaxtda gənc nəslin tərbiyəsində, milli-mənəvi və ailə dəyərlərimizin qorunub saxlanmasında qadınlarımızın rolu daha da artıb. Naxçıvan qadınları bütün zamanlarda olduğu kimi, bundan sonra da adət-ənənələrimizi, ailə dəyərlərimizi yaşatmaq, ictimai fəaliyyətləri ilə muxtar respublikamızın inkişafına, onun çiçəklənməsinə öz töhfələrini vermək əzmindədirlər.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə 23 rəssamın 50-yə yaxın rəsm əsəri nümayiş etdirilib. Yaradıcı insanların sənət töhfəsi olan bu sərgi al-əlvan çalarları ilə incə ruhlu, çiçək ətirli xanımların dünyasını ifadə edib. Sərgidə qadın gözəlliyinə və zərifliyinə həsr olunan “Güllər”, “Lalələr”, “Yasəmən”, “Yar”, “Şad günlər”, “Zəriflik” kimi bir çox rəsm əsərləri orijinallığı ilə diqqəti cəlb edib.
Açıq səma altında sərgidə gənc rəssamlar üçün ustad dərsi də keçirilib. Gənclərin çəkdikləri rəsmlər də həmin sərgidə nümayiş olunub.