“Naxçıvan” Universiteti ilə Polşanın Elmlər Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb
Naxçıvan, 16 aprel, AZƏRTAC
“Naxçıvan” Universiteti ilə Polşanın Lodz Humanitar və İqtisadi Elmlər Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 5 il müddətinə imzalanan memorandumda iki nüfuzlu təhsil müəssisəsi arasında tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, birgə elmi fəaliyyət, beynəlxalq konfrans və tədbirlərin təşkili nəzərdə tutulur. Bu razılaşma bir çox ölkələrin ali təhsil, elm ocaqları ilə əməkdaşlıq edən “Naxçıvan” Universitetinin Polşa Respublikası ilə ilk müqaviləsidir.
Qeyd edək ki, dünya təhsil sisteminin yaxından öyrənilməsi, xarici mütəxəssislərin yerli kadrlarla əlaqələndirilməsi, onların təcrübəsindən faydalanmaq, tələbə mübadiləsi və digər bu kimi məqsədlər daşıyan bu addım həm də “Naxçıvan” Universitetinin nüfuzunun daha da artmasına, cəmiyyətə daha peşəkar, dünyagörüşlü gənclər qazandırmasına yol açacaqdır.