Naxçıvanda əcnəbilərin tarixi abidələrə ekskursiyaları təşkil olunub
Naxçıvan, 19 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin qarşısına qoyduğu vəzifələrdən biri də əcnəbilərin tariximizi, mədəniyyətimizi və dilimizi öyrənmələri istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsidir.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə əcnəbilərin Naxçıvan şəhərində yerləşən “Xan sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma altında Muzey kompleksinə ekskursiyaları təşkil olunub.
Əvvəlcə, Xan sarayında tədbir iştirakçılarına məlumat verilib ki, saray Naxçıvan şəhərinin “Xan diki” deyilən ərazisində inşa olunub. Naxçıvan xanı I Kalbalı xan Kəngərliyə və onun varislərinə məxsus olan bu saray Azərbaycanın orta əsrlər memarlığının nadir incilərindən biridir.
Möminə Xatun türbəsi ilə tanışlıq zamanı qeyd olunub ki, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan bu türbə 1186-cı ildə tikilib. Nəinki Azərbaycan, bütövlükdə İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən olan Möminə Xatun türbəsi yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.
Sonda Açıq Səma Altında Muzeyin ziyarəti zamanı məlumat verilib ki, xalqımızın zəngin tarixi-mədəni irsi memarlıq abidələri ilə bərabər, həm də daş abidələrdə yaşayır. Əcdadlarımızın yaratdıqları daş abidələr, xüsusilə Gəmiqaya rəsmləri, ümumilikdə, bəşəriyyətin tarixindən xəbər verir.
Ekskursiya zamanı maddi-mədəniyyət nümunələri, milli memarlığın möhtəşəm abidələri, eyni zamanda, orta əsrlər memarlığının nadir inciləri ilə tanışlıq tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb.