Naxçıvanda ətraf mühitin mühafizəsi ilə bağlı qabaqcıl təcrübə formalaşıb
Naxçıvan, 25 iyun, AZƏRTAC
Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilib, bu istiqamətdə qabaqcıl təcrübə formalaşıb.
“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu barədə universitetdə keçirilən “Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi məsələləri” mövzusunda elmi konfransda danışılıb.
Konfransda çıxış edən ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva ekologiyanın sərhəd, bölgə anlayışı olmayan məfhum olduğunu qeyd edib. Bildirib ki, ekoloji vəziyyətin pozulması yalnız bir xalq üçün deyil, bütün dünya üçün acı nəticələrə səbəb olur. Buna görə də ətraf mühitin mühafizəsi ən əhəmiyyətli məsələlərdəndir.
Rektor vurğulayıb ki, Azərbaycanda ətraf mühitin mühafizəsinə əsas prioritet məsələlərdən biri kimi xüsusi diqqət yetirilir. Ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.
Ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu tədbirlərin uğurla həyata keçirildiyini deyən rektor diqqətə çatdırıb ki, muxtar respublika ərazisində təbii iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Meşələrin qorunması ilə yanaşı, yeni yaşıllıqların salınması istiqamətində də mühüm işlər görülür. Bu tədbirlərin əsası Ulu Öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulub.
“Naxçıvan Muxtar Respublikasında Arazboyu düzənliklərdə təbiətə texnogen təsir formaları” mövzusunda çıxış edən universitetin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Elnarə Seyidova bildirib ki, texnogen təsirlər arasında həm mənfi, həm də müsbət təsirlər mövcuddur. O, hər iki təsir növünü nümunələrlə diqqətə çatdırıb, bu sahədə görülə biləcək işlərdən danışıb.
Təbiət elmləri kafedrasının baş müəllimi Əli Qurbanov isə “Biləv Su Elektrik Stansiyasının Gilənçayın ekocoğrafi şəraitinə təsiri”ndən danışıb, slayd vasitəsilə izah edib.
“Naxçıvan Muxtar Respublikasında suvarılan torpaqların ekoloji vəziyyəti” mövzusunda çıxışında Təbiət elmləri kafedrasının müəllimi İsmət Həsənov su ehtiyatlarının səmərəli istifadəsinin önəmini vurğulayıb.
Konfransın sonunda müxtəlif beynəlxalq indeksli bazalara aid olan jurnallarda məqalələri dərc olunan əməkdaşlara mükafatlar təqdim olunub.