Naxçıvanda keçirilən iməcilikdə yeni meyvə bağları salınıb
Naxçıvan, 25 noyabr, AZƏRTAC
Muxtar respublikada payız iməcilikləri dövründə əkinçilik üçün əlverişli olmayan torpaq sahələrində yeni meyvə bağlarının salınması diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 25-də Naxçıvanda növbəti iməcilik keçirilib, yerli meyvə sortlarından ibarət meyvə bağları salınıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Kəngərli Rayon İcra Hakimiyyətinin kollektivləri Naxçıvan-Sədərək avtomobil yolunun kənarında keçirilən iməcilikdə iştirak ediblər. İməcilik iştirakçıları 4 hektar ərazidə 2100 ədəd badam və digər meyvə tingləri əkib, müvafiq aqrotexniki tədbirlər və suvarma işləri görüblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, yeni tinglər əkib.
Həmin gün muxtar respublika ərazisində keçirilən iməciliklərdə 5560 meyvə tingi, 7660 üzüm və 4300 gül kolu əkilib, ümumilikdə 10 hektardan artıq sahədə yeni meyvə və 4 hektar sahədə üzüm bağları salınıb.