Nazir müavini: Rəqəmsal transformasiya xarici ticarətdə yeni imkanlar açacaq VİDEO
Bakı, 16 iyul, AZƏRTAC
“Bir Pəncərə” platformasının tam tətbiqi nəticəsində xarici ticarət prosesləri daha çevik, şəffaf və səmərəli təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bir Pəncərə" Rəqəmsal Logistika Platformasının rəsmi təqdimatında deyib.
Onun sözlərinə görə, layihənin ilk mərhələsində bitki və bitkiçilik məhsullarının ixracı üzrə xidmətlər rəqəmsallaşdırılıb, artıq fumiqasiya aktına müraciət və ixrac gömrük bəyannamələrinin təqdim edilməsi vahid rəqəmsal platforma üzərindən həyata keçirilir.
R.Hümmətov vurğulayıb ki, növbəti mərhələlərdə idxal və tranzit əməliyyatlarının da sistemə inteqrasiyası təmin olunacaq: “Bu isə sahibkarlar üçün inzibati yükü azaldacaq, sənədləşmə proseslərini sadələşdirəcək, logistika xərclərini minimuma endirəcək və Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üzrə tranzit imkanlarını daha da genişləndirəcək”.