Nazir Vanq Yi: Çin Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verir
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı bu ölkənin xarici işlər naziri Vanq Yi ilə nəzakət görüşü keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə səfir Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun salamlarını və xoş arzularını Çinin xarici işlər naziri Vanq Yiyə çatdırıb.
Ə.Zeynallı Azərbaycanın Çinlə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini və bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsində əzmli olduğunu bildirib. Həmçinin səfir Azərbaycanın Çinin “Bir kəmər-bir yol” təşəbbüsünü dəstəklədiyini və bu çərçivədə Çinlə sıx əməkdaşlığa hazır olduğunu qeyd edib. O əlavə edib ki, yeni səfir kimi ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcək.
Vanq Yi səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun da salamlarının və xoş arzularının həmkarı Elmar Məmmədyarova çatdırılmasını xahiş edib. O, Azərbaycana rəsmi səfərə dəvət edildiyini xatırladaraq bu səfəri həyata keçirmək arzusunda olduğunu ifadə edib. Nazir Çinin Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini və Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə səfərinin iki ölkə arasında əlaqələrin inkişafına güclü təkan verdiyini qeyd edib.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin Çin xalqının və dövlətinin böyük dostu olduğunu və onun Çinlə əlaqələrin inkişaf etdirilməsi siyasətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Habelə Vanq Yi Azərbaycanın “Bir kəmər-bir yol” layihəsinə dəstəyini təqdir edib və Çinin bu əsnada Azərbaycanla əməkdaşlığa hazır olduğunu ifadə edib.