NAZİRLƏR KABİNETİ MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Otyabrın 24-də Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə Misir Ərəb Respublikasının xarici işlər üzrə dövlət naziri Faizə Əbul-Nəcanın başçılığı ilə ölkəmizə səfərə gəlmiş nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları salamlayan baş nazir Artur Rasizadə Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud əlaqələrdən danışaraq, iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğuladı. Bu baxımdan Azərbaycan-Misir hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə birgə komissiyanın toplantısında faydalı nəticələr əldə ediləcəyinə əminliyini bildirən Artur Rasizadə, respublikamızda iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə qeyri-neft sektorunda birgə layihələrin işlənməsinin, müştərək müəssisələrin yaradılmasının səmərəli olacağını bildirdi.
Azərbaycanın baş naziri ilə görüşündən məmnun qaldığını bildirən xanım Faizə Əbul-Nəca səfər zamanı keçirdiyi görüşlər barədə ətraflı məlumat verdi. Misirli iş adamlarının Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini vurğulayan qonaq xüsusilə qeyd etdi ki, energetika, ağır maşınqayırma sənayesi, kənd təsərrüfatı, inşaat, ticarət, informasiya texnologiyaları, dərman preparatlarıının hazırlanması və digər sahələrdə işbirliyi üçün həqiqətən böyük potensial mövcuddur və bu istiqamətlər üzrə qarşılıqlı fəaliyyət hər iki tərəf üçün əhəmiyyətli olacaqdır.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri xanım Cihan Əmin Məhəmməd Əli qəbulda iştirak edirdi.