NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Baş nazir qonaqları salamlayaraq ölkədə həyata keçirilən iqtisadi islahatların nəticələrindən, ilbəil artan ümumi daxili məhsulun səviyyəsindən və xarici sərmayələrin həcmindən, əmək haqqının və müxtəlif sosial müavinətlərin artmasından danışdı, Azərbaycan rəhbərliyinin qlobal enerji layihələrinin həyata keçirilməsi ilə yanaşı, qeyri-neft sektorunun inkişafına da diqqət yetirdiyini vurğuladı.
Artur Rasizadə bildirdi ki, iqtisadi sahədə müsbət dəyişikliklərə baxmayaraq, Azərbaycanın başlıca bir problemi vardır. Bu da Azərbaycan torpaqlarının işğalına və bir milyon insanın doğma yurd-yuvalarından qovulmasına gətirib çıxarmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasıdır. Baş nazir bu münaqişəni nizama salmaq üçün görülən tədbirlərdən danışaraq bəyan etdi ki, Azərbaycan rəhbərliyi problemin sülh yolu ilə həllinə tərəfdardır. O, ATƏT-in hazırkı sədrini Minsk qrupunun bu istiqamətdə səylərini fəallaşdırmağa çağırdı.
Cənab Solomon Passi səmimi qəbula və ətraflı məlumata görə Artur Rasizadəyə minnətdarlığını bildirdi və Bolqarıstan Baş nazirinin salamını ona çatdırdı.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıldı.
Görüşdə ATƏT-in Bakı ofisinin rəhbəri Piter Burhard iştirak edirdi.