Nazirlik: “STEAM Azərbaycan” layihəsi 545 məktəbi və 303 mindən çox şagirdi əhatə edib
Bakı, 25 iyun, AZƏRTAC
2025/2026-cı tədris ilində “STEAM Azərbaycan” layihəsinin əhatə dairəsi genişləndirilərək ölkə üzrə 545 ümumtəhsil müəssisəsini və III–IX siniflər üzrə 303 mindən çox şagirdi əhatə edib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi təhsilalanlarda XXI əsr bacarıqlarının - tənqidi və yaradıcı düşüncə, əməkdaşlıq, effektiv ünsiyyət və problemlərin həllində innovativ yanaşma bacarıqlarının inkişaf etdirilməsidir.
Qeyd edək ki, “STEAM Azərbaycan” layihəsi praktiki və yaradıcı öyrənmə mühitinin formalaşdırılması vasitəsilə müxtəlif fənlərin inteqrativ yanaşma əsasında tədrisini təşviq edir. Təhsilalanlar real həyat problemlərinin həllinə yönəlmiş layihələr üzərində işləyərək nəzəri biliklərini praktikada tətbiq etməyi öyrənirlər.
Layihə, həmçinin şagirdlərin müasir texnologiyalara adaptasiyasını sürətləndirməyi, İKT avadanlıqları, robototexnika, 3D modelləşdirmə və mühəndislik kimi innovativ vasitələrdən istifadə bacarıqlarını təkmilləşdirməyi hədəfləyir. Bu yanaşma yalnız biliklərin ötürülməsi ilə kifayətlənmir, eyni zamanda, şagirdlərin düşüncə tərzinin, təşəbbüskarlığının və gələcəkdə cəmiyyətə töhfə verə biləcək liderlik xüsusiyyətlərinin inkişafına yönəlib.