NAZİRLİKLƏR ƏMƏKDAŞLIĞIN GENİŞLƏNMƏSİNƏ XÜSUSİ MARAQ GÖSTƏRİR
Nazirliyin ictimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a bildirmişlər ki, nazir Kəmaləddin Heydərov qurumlar arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunun əhəmiyyətini vurğulayaraq demişdir ki, tikinti sahəsində qabaqcıl texnologiyaları, təcrübələri bölüşmək, elmi tədqiqat və təcrübə-konstruktor işləri aparmaq nailiyyətlərə gətirib çıxaracaqdır.
Azərbaycanın iqtisadi inkişafında baş verən irəliləyişlərin nazirliyin qarşısında yeni vəzifələr qoyduğunu söyləyən Kəmaləddin Heydərov bu baxımdan beynəlxalq təcrübənin tətbiqinə ciddi fikir verildiyini nəzərə çatdırmışdır.
Azərbaycanın dinamik inkişafından məmnunluğunu vurğulayan cənab Çu Byun Çjik əməkdaşlıq imkanlarının genişləndirilməsinin əhəmiyyətindən danışmış, Azərbaycanda yeni yaradılan Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri ilə maraqlanmışdır.
Kəmaləddin Heydərov demişdir ki, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan nazirlik mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir. Qanunvericiliyə uyğun olaraq, tikinti işlərinin aparılmasında, tikinti materiallarının, konstruksiyalarının və hissələrinin istifadəsində dövlət standartlarına, tikinti norma və qaydalarına, xüsusi texniki şərtlərə, layihələrə və digər normativ hüquqi aktlara riayət olunmasına nəzarət funksiyasını da həyata keçirir.
Tərəflər iki ölkə arasında tikinti və təlim sahəsində müxtəlif sertifikatlara, normalara, texniki standartlara, texnoloji əməliyyatlara uyğun təcrübənin təkmilləşdirilməsi, tətbiqi və strategiyaların yeniləşdirilməsi üzrə qarşılıqlı əməkdaşlığı, tikinti materialları və konstruksiyalar, tikintidə istifadə olunan avadanlıq, maşın və mexanizmlərin istifadəsində təhlükəsizliyin təmini sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamışlar.
Görüşdə hər iki ölkədə istehsal və idxal olunan material, konstruksiya, avadanlıq, maşın və mexanizmlərin beynəlxalq standartlara uyğunlaşdırılması, sertifikatlaşdırılması, sınaq laboratoriyalarının akkreditasiya sistemini yaratmaq üzrə birgə işin aparılması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi edilmişdir.