NDU-nun tələbələri amerikalı professorların təlimlərində iştirak ediblər
Naxçıvan, 5 iyul, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində tədrisi ingilis dilində olan İqtisadiyyat ixtisası üçün təşkil edilən 12 həftəlik təlim uğurla yekunlaşıb.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, amerikalı professorların da qatıldığı onlayn tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev təşkil olunan treninqlərin əhəmiyyətini qeyd edib. Bildirib ki, treninqlərdə tələbələr müasir biznesin funksiyaları, iş mühiti, idarəetmə, marketinq, maliyyə məsələləri ilə bağlı məlumatlar əldə ediblər. Eyni zamanda universitetin İqtisadiyyat fakültəsinin müəllim-tələbə heyəti və digər fakültələrdən olan könüllülərlə biznes idarəçiliyi, biznes mərkəzlərinin insanların həyatında rolu, beynəlxalq biznesin əhəmiyyəti, maliyyə konsepsiyası və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Vurğulanıb ki, tələbələr bu təlimlər vasitəsilə sahibkarlığın inkişafı, onun təşkili və idarə edilməsi qabiliyyətini, dünya əhəmiyyətli sahibkarlıq mərkəzləri ilə virtual tanışlıq imkanları da qazanıblar. Rektor müəllim və tələbələrin gələcək karyeraları üçün mühüm əhəmiyyət daşıyan təlimlərin keçirilməsinə görə amerikalı mütəxəssislərə öz minnətdarlığını ifadə edib və universitetin adından hər bir təlimçiyə sertifikat təqdim edilib.
Müəllim və tələbələr çıxışlarında təlimdə qazandıqları uğurlara görə amerikalı təlimçilərə minnətdarlıqlarını ifadə ediblər. Təlimdə iştirak edən hər bir müəllim və tələbəyə amerikalı mütəxəssislərin - Harri Lipinski, Paul Prabhaker, Cəmaləddin Hüseyni, Kollin Hikman, Ronald Melka, Jon Kalaras, Kristofer Veyger, Maykl Krzistonun imzaladıqları sertifikat verilib.
Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib, birgə təlimlərin əhəmiyyəti önə çəkilib.
Qeyd edək ki, ABŞ-ın Şimali İllinoys Universitetinin professorları tərəfindən onlayn təlimlərə 2020-2021-ci tədris ilinin əvvəlindən başlanılıb. Naxçıvan Dövlət Universiteti ilə ABŞ universitetləri arasında keçirilən bu təlimlər tədrisi ingilis dilində olan universitetin İqtisadiyyat ixtisasında təhsil alan tələbələrin və bu ixtisasda dərs deyəcək müəllimlərin hazırlıq səviyyəsinin daha da artırılması baxımından əhəmiyyətlidir.