“NEFT KƏMƏRİNİN ƏTRAF MÜHİTƏ TƏSİRİ” MÖVZUSUNDA SEMİNAR BAŞA ÇATMIŞDIR
Dörd bölmədə aparılan müzakirələrdə Avstriya, Türkiyə, Yunanıstan, Norveç, Rumıniya, Litva, Rusiya, Qazaxıstan, Gürcüstan və Moldovanın qeyri-hökumət təşkilatlarından alimlər, mühəndislər və ekoloqlar, habelə AMEA-nın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, neft şirkətlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, sonuncu iclasda görülmüş işlərə yekun vurulmuş, gələcək birgə fəaliyyət planı müəyyənləşdirilmişdir. Seminar iştirakçılarının yekdil rəyinə görə, Xəzəryanı dövlətlərin karbohidrogen sərvətindən istifadə edilməsi onların rifahının artması ilə birbaşa bağlıdır və bu proses getdikcə daha da sürətlənəcəkdir. Bu isə, öz növbəsində, ekoloji problemlər ehtimalının artması deməkdir. Çirklənmiş torpaqların təmizlənməsi baha başa gəldiyinə görə buna həm büdcə vəsaiti, həm də beynəlxalq sponsorların qrantları cəlb olunmalıdır. Son illər ayrı-ayrı şirkətlər bəzi mədənlərdə çirklənmiş torpaqları təmizləməyə çalışmışlar. Əsasən, mexaniki üsuldan istifadə olunmuşdur. Bu zaman torpağın üst qatı kəsilir. Lakin bu, bir qədər nöqsanlı üsuldur, çünki bitum hopmuş həmin torpaq qatının kimyəvi reagentlərlə emalı tələb olunur. Bunsuz tərkibində müxtəlif zərərli maddələr olan lay eroziyaya məruz qalaraq, asfalt təbəqəsi silindikcə və yağışlar onu yuduqca ətrafa yayılacaqdır.
Bütövlükdə, neftlə çirklənmiş torpaqların təmizlənməsi problemi çox aktualdır, çünki təkcə Abşeron yarımadası ərazisində onların sahəsi 11 min hektara çatır.