NƏQLİYYAT NAZİRLİYİ TƏBİİ FƏLAKƏT ZONASINDA TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
Bakı, 27 may (AZƏRTAC). Nəqliyyat Nazirliyi təbii fəlakət zonasında tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, yol-nəqliyyat sturukturlarının birgə səyləri ilə avtomobil yolları bərpa olunur, dəmir yolu ilə zəruri yüklər daşınır.
Ən son məlumata görə, İmişli Yol İstismar İdarəsi Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunda çala təmiri işləri görür. Saatlı rayonunun Musalı, Nərimanov kəndi, Dəlilər, Novruzlu kəndlərindən keçən 14 kilometrlik Musalı-Novruzlu avtomobil yolunda təmir işləri başa çatdırılmışdır. Sabirabad rayonunun Ulacalı, Mürsəlli və Şıxlar kəndlərini birləşdirən 10 kilometrlik avtomobil yolunun suyun altında qalan hissəsi ağır və yüngül nəqliyyat vasitələrinin hərəkəti üçün tam açılmışdır.
Eyni zamanda, Şirvan şəhərindən və Sabirabad rayonundan keçən Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunda təmir-bərpa işləri davam etdirilir. Hacıqabul rayonundakı Talış su kəmərini qorumaq üçün 27 kilometr məsafəni əhatə edən Muğan-Talış yolunun 6-11-ci kilometrində yolun kənarına bənd vurulur.
Zərdab rayonu ərazisində - Kür çayının sol sahilində 45 kilometr uzunluğunda bəndvurma işləri artıq yekunlaşmışdır. Dəmir yolu xətti vasitəsilə dəmir-beton və s. məmulatların daşınması davam etdirilir. Mayın 26-da Vətəgə stansiyasında 58, Osmanlı stansiyasında 11 platforma dəmir-beton məmulatı boşaldılmışdır. Mayın 27-də isə 50 platforma dəmir-beton məmulatlarının boşaldılması planlaşdırılır.
Ümumiyyətlə, bu günlər fəlakət zonası boyu dəmir yolunun bütün stansiyalarında zəruri tədbirlər davam etdirilir.