“Nərimanov” elektrik deposunda Ümummilli Liderin anım mərasimi keçirilib
Bakı, 12 dekabr, AZƏRTAC
“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivi Bakı metrosunun inkişafında və tarixində müstəsna rol oynamış Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar müəssisənin “Nərimanov” elektrik deposunun ərazisində dahi rəhbərin büstünü ziyarət edib.
Metropolitendən AZƏRTAC-a bildirilib ki, QSC-nin rəhbərliyi əsas parkda yerləşən büstün önünə əklil qoyub, görkəmli dövlət xadiminin xatirəsini ehtiramla anıb.
Qeyd edək ki, Azərbaycan xalqının dahi liderinin 100 illiyinin qeyd olunduğu bu il Bakı metropolitenində silsilə tədbirlər keçirilir. Heydər Əliyevin Bakı metropoliteninin inkişafında danılmaz xidmətləri müəssisənin hər bir işçisi tərəfindən daim hörmət və sevgi ilə anılır. İstər sovet dövründə böyük çətinliklərə rəğmən bu nəqliyyat növünün inkişafı, istərsə də müstəqilliyin ilk illərində keçmiş SSRİ respublikaları arasında iqtisadi əlaqələrin tənəzzülə uğradığı dövrdə məhz Heydər Əliyevin nüfuzu, zəhməti və yaxından dəstəyi ilə Bakı metropoliteni sərnişinlərinə nümunəvi xidmətini davam etdirib.
2003-cü ilə qədər Bakı metropoliteninin xətlərinin uzunluğu 31,5 kilometr idisə, bunun 21,3 kilometri məhz Heydər Əliyevin rəhbərliyi və ya yaxından iştirakı ilə tikilərək sərnişinlərin xidmətinə verilib. Sərnişin sayının kəskin artdığı və çatışmazlıqların yarandığı həmin dövrlərdə yeni metro vaqonlarının alınması, dağılmış təsərrüfatın bərpası məhz Ulu Öndər sayəsində həllini tapıb.