Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır
Bakı, 20 yanvar (AZƏRTAC). Qanlı 20 Yanvar gecəsində Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın qəhrəman oğul və qızlarının dəfn edildiyi Şəhidlər xiyabanı hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmişdir. Bu müqəddəs yeri ziyarət etmək hər birimizin mənəvi borcumuzdur.
Şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmək üçün hər il Şəhidlər xiyabanını ziyarət etdiyini deyən paytaxt sakini, təqaüdçü Nizami Nadirov AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, o dəhşətli gecədən 23 il keçməsinə baxmayaraq, bu tarix xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
N.Nadirov vurğulamışdır ki, milli azadlığımız, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.