Nəsimi Ağayev: Almaniyadakı əsir düşərgələrində həlak olmuş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi önəmli vəzifədir VİDEO
Berlin, 6 may, AZƏRTAC
Bu gün keçmiş Buxenvald əsir düşərgəsində İkinci Dünya müharibəsi illərində burada saxlanılmış, əzab çəkmiş və həlak olmuş azərbaycanlı əsirlərin xatirəsinə həsr olunmuş lövhənin açılışını etdik. Bu, Almaniya ərazisində yerləşən əsir düşərgələrində səfirlik olaraq son iki ildə açdığımız dördüncü xatirə lövhəsidir. İlk xatirə lövhəsi 2024-cü ildə Daxau əsir düşərgəsində açıldı. Sonrakı ildə Zaksenhauzen əsir düşərgəsində, iki həftə öncə Bergen-Belzen əsir düşərgəsində, bu gün isə Buxenvald əsir düşərgəsində açıldı.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev jurnalistlərə müsahibəsində deyib.
Azərbaycanlı əsirlərin burada müxtəlif işgəncələrə məruz qaldıqlarını, bir çoxlarının öldürüldüyünü və hətta krematoriyada yandırıldığını vurğulayan səfir bildirib: “Bu əsirlərin xatirəsinin əbədiləşdirilməsi bizim üçün bir missiya, borcdur. Ona görə də Buxenvald memorial kompleksi ilə iki il ərzində danışıqlar apardıq, həmin əsirlərin siyahısı müəyyənləşdirildi. Məlum oldu ki, yüzlərlə azərbaycanlı əsir burada saxlanılıb və qətlə yetirilib. Bu işi bundan sonra da davam etdirəcəyik. Almaniyanın digər əsir düşərgələrində saxlanılmış əsirlərimizin də xatirəsinin əbədiləşdirilməsi üçün fəaliyyətimizi davam etdirəcəyik. Bu, bizim qarşımızda duran çox önəmli vəzifədir. Həm də Buxenvald əsir düşərgəsinə ildə 500 min insan gəlir, bu düşərgəni ziyarət edir, faşizmin nəyə qadir olduğunu öz gözləri ilə görür. Artıq onlar bu düşərgəyə gələrkən azərbaycanlı əsirlər barədə məlumat alacaq və Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizəyə verdiyi töhfələrlə tanış olmaq imkanı qazanacaqlar”.