Nəsimi rayonunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı 5 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində Anım Günü tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Nəsimi Rayon Gənclər və İdman İdarəsi və 5 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları rayon məktəblilərinin və mərkəzin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Tədbirdə çıxış edənlər 20 Yanvar həqiqətlərindən danışaraq, bu kimi tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən və bu istiqamətdə gənclərin üzərinə düşən məsuliyyətdən danışıblar.
Daha sonra 5 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında "1990-cı il 20 Yanvar - 2020-ci il 8 Noyabr" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Sonda kompozisiyanın hazırlanmasında iştirak edən dərnək üzvlərinə fəxri fərmanlar təqdim olunub.
Tədbirdə, həmçinin Nəsimi rayon məktəbliləri arasında keçirilmiş "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir" adlı rəsm müsabiqəsinin qalibləri diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.