Nəsimi rayonunda qadınlara və azyaşlıya qarşı soyğunçuluq törədən şəxs saxlanılıb VİDEO
Bakı, 5 aprel, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları şəxsiyyət əleyhinə cinayətlərinin qarşısının alınması və bu qəbildən qanun pozuntuları törədən şəxslərin ifşa olunması istiqamətində növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın son günlərində Bakı şəhər sakini olan üç qadın Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ayrı-ayrı ünvanlarda onlara hücum etdiyini və qulaqlarındakı qızıl sırğaları götürərək qaçdığını bildirib. Dərhal idarədə yaradılan əməliyyat-istintaq qrupu tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. “İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayətləri törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş İftixar Əzizov saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin aprelin 1-də Nəsimi rayonu A.Mustafayev küçəsində 9 yaşlı bir qızın qarşısını kəsdiyi və onun qulağında dəyəri 300 manat olan qızıl sırğaları dartıb qaçaraq oğurladığı məlum olub. İ.Əzizov istintaqa ifadəsində ələ keçirdiyi qızıl-zinət əşyalarını satdığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən həmin şəxsin digər cinayətlərdə də iştirak etdiyini istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi Rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.