ELM VƏ TƏHSİL
Nəşrə hazırlanan kataloqda tibbə dair əlyazmalar toplanıb
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Tibbə dair əlyazmalar kataloqu” nəşrə hazırlanıb.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, kataloqda Azərbaycan, türk, ərəb, fars dillərində tibbə dair toplanmış və bu elm müəssisəsində saxlanılan əlyazmalar haqqında məlumatlar verilib.
Kataloqda ümumilikdə Azərbaycan, orta və yaxın Şərq alimlərinin 453 əsərinin əlyazmaları barədə məlumatlar əksini tapıb, eləcə də Əbu Əli ibn Sinanın “Əl-qanun fit-tibb” əsərinin 1143-cü ildə köçürülmüş əlyazması yer alıb.
Kataloqu institutun elmi işçiləri Zenfira Məmmədova və Elnurə Babayeva tərtib ediblər. Bu dəyərli toplunun elmi redaktoru isə institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovdur.