NİZAMİ RAYONUNDA 31 MART SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Bakı, 31 mart (AZƏRTAC). Martın 31-də Nizami Rayon İcra Hakimiyyətində Azərbaycanlıların Soyqırımı günü qeyd olunmuşdur.
Mərasimin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Mehbalı Əliyev ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin iki əsr ərzində planlı şəkildə həyata keçirildiyini, bu siyasətin məqsədinin azərbaycanlıları öz doğma torpaqlarından zorla çıxarmaq, həmin ərazilərdə xəstə təxəyyülün məhsulu olan mifik “böyük Ermənistan” dövləti yaratmaq olduğunu bildirmişdir. O demişdir ki, ümummilli liderimiz Heydər Əliyev xalqımıza qarşı yönəlmiş soyqırıma, qanlı hadisələrə obyektiv siyasi qiymət vermiş və ulu öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla hər il martın 31-i Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Boran Əziz Bakı, Quba, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə erməni - bolşevik quldur dəstələri tərəfindən 18 mindən çox insanın oldürüldüyünü bu faciənin planlı şəkildə qurulan siyasətin nəticəsi olduğunu bildirərək, soyqırıma beynəlxalq ictimaiyyət tərəfindən hüquqi qiymətin verilməsinin vacibliyini vurğulamışdır. Boran Əziz faciənin daha dərindən tədqiq edilməsi üçün bu gün xarici ölkələrdə arxivlərin öyrənilməsi zamanı erməni lobbisininin süni maneələr yaratdığını diqqətə çatdırmışdır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğulamışdır ki, ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev hiyləgər erməni təbliğatının əsl mahiyyətini beynəlxalq aləmdə ifşa etmək istiqamətində davamlı və məqsədyönlü fəaliyyət göstərir. Bunun nəticəsidir ki, bir çox nüfuzlu beynəlxalq təşkilatlar hazırda Ermənistanı təcavüzkar dövlət kimi tanıyırlar. Bildirilmişdir ki, bütün vətəndaşlarımız, xarici ölkələrdəki azərbaycanlı icmaları bu istiqamətdə səylərini birləşdirməli, daha ardıcıl və səmərəli iş aparmalı, təsirli tədbirlər görməlidirlər.