Norveç Azərbaycanlıları Gənclər Təşkilatı bir sıra uğurlara imza atmışdır
Bakı, 20 iyun (AZƏRTAC). Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təşəbbüsü, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə mədəniyyətimizin bu ölkədə təbliği məqsədi ilə bir qrup gənc musiqiçi və rəqqasımız “Saqene Beynəlxalq Festivalı-2012”-də iştirak etmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, NAYO-nun sədri Ramil Əliyev 16 ölkənin təmsil olunduğu festivalda gənclərimizin iştirakını Norveçdəki Azərbaycan diasporunun uğuru kimi qiymətləndirmişdir. Bildirilmişdir ki, festivalda MDB ölkələrindən yalnız Azərbaycan təmsil olunmuşdur.
Festivalda çıxış edən Oslonun Saqene rayonunun bələdiyyə sədri Helqe Stoltenberq tədbirdə iştirak edən dövlətlərin Norveçdəki icmalarının bu ölkənin cəmiyyətinin ən fəal təbəqəsi olduğunu vurğulamışdır.
Mədəni dəyərlərimizin təbliği və Norveçdəki Azərbaycan icmaları arasında əlaqələrin inkişafına nail olmaq məqsədi ilə NAYO “Odlar yurdu Azərbaycan” adlı konsert proqramı təşkil etmişdir. Konsertə həmyerlilərimizlə yanaşı, əcnəbi qonaqlar da qatılmışlar.
NAYO-nun fəaliyyəti ilə bağlı məlumat verən R.Əliyev qeyd etmişdir ki, təşkilat İsveç-Azərbaycan Federasiyası ilə birgə Stokholmda azərbaycanlıların və əcnəbilərin iştirakı ilə mədəni layihə həyata keçirmişdir. NAYO-nun sədri bu layihəni Skandinaviyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının regional əməkdaşlığının növbəti uğuru kimi qiymətləndirmişdir.