Novruz Azərbaycanın ən qədim və ən kütləvi ümumxalq bayramlarından biridir
Bakı, 18 mart, AZƏRTAC
Milli adət-ənənələrimizi özündə yaşadan bu bayramın tarixi çox qədimdir və müxtəlif dövrlərdə təzyiqlərə məruz qalmasına baxmayaraq, bu günümüzə qədər gəlib çatıb. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “Bu milli bayramın indi yüksək şəkildə dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın müstəqil siyasətinin bəhrələrindəndir”. 1993-cü ildən Novruz dövlət statuslu bayram kimi qeyd olunur.
Hər il xalqımız bu bayramı böyük coşqu ilə qeyd edir. Prezident İlham Əliyev hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Deputat bildirib ki, bu bayramın insanlara, cəmiyyətə ötürdüyü çox mühüm mənəvi mesajları var. Qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudar, küsülülər barışar, ziddiyyətlər aradan götürülər. Ona görə də Novruz bayramı həm də dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəticəsində bu gün biz ölkəmizdə milli həmrəyliyin, vətəndaş birliyinin şahidiyik. 44 günlük Vətən müharibəsində xalqımız yumruq kimi birləşərək, erməni faşizminə qalib gəldi, Qarabağı işğaldan azad etdi. Ölkəmizdə yaranan siyasi dialoq və əməkdaşlıq bu prosesə mühüm töhfəsini verdi.
Novruz bayramının fəlsəfi, sosial mahiyyətinin əsasında bir harmoniya var. Sosial ədalət, tolerantlıq, bərabərlik kimi xüsusiyyətləri özündə əks etdirən bu bayram milli dəyərlərlə yanaşı, həm də bəşəri dəyərləri də yaşadır. Evdə hazırlanan yemək və şirniyyatlardan qonşulara pay verilir, xüsusi ehtiyacı olanlara yardım edilir, sovqat göndərilir. Hamı çalışır ki, hər kəsin evində bayram süfrəsi açılsın. Biz başqa xalqlardan, millətlərdən olan qonşularımızı, dostlarımızı unutmuruq, onlara bayram payı göndəririk.
“Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük səyi nəticəsində 2009-cu ildə Novruz bayramı aşıq sənəti ilə birlikdə UNESCO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan olunub”, - deyən H.Hüseynova qeyd edib ki, bu bayram, eyni zamanda, arzular bayramıdır. Mən bu bayram günü hamının öz niyyətlərinə çatmasını arzulayıram. Arzular müxtəlif, istəklər fərqli olsa da, xalqımızın arzusu eyni idi: “Tezliklə Qarabağ, torpaqlarımız erməni işğalından azad olsun”, “Gün o gün olsun ki, Novruz tonqalları Qarabağda alovlansın”. Bu il artıq biz bu arzularımıza çatdıq. Bizi bu arzulara qovuşduran Müzəffər Ali Baş Komandana sonsuz təşəkkür edirik, Vətən uğrunda şəhid olan qəhrəman əsgər və zabitlərimizi, erməni terrorunun qurbanı olan dinc əhalimizi dərin ehtiram və hörmət hissi ilə yad edirik. Yaralı əsgərlərimizə, vətəndaşlarımıza Allahdan şəfa diləyirik! Artıq işğaldan azad olan torpaqlarımızda bayram tonqalları yandırılır, burada böyük quruculuq işlərinə başlanıb. Novruz bayramı ərəfəsində Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevanın Füzuli, Xocavənd və Şuşaya səfər etməsi, görülən işlərlə tanış olması, yeni tapşırıqların verilməsi bizi daha da ruhlandırır. Tezliklə Qarabağ canlanacaq, orada yenidən həyat başlayacaq.
Deputat qeyd edib ki, indi bizim ümummilli, ümumxalq arzumuz var. Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənsin, güclənsin. Xalqımız sülh və əmin-amanlıq şəraitində, xoşbəxt və firavan yaşasın!