Novruz Bayramı ilə əlaqədar ailələrə səfərlər davam etdirilir
Bakı, 19 mart, AZƏRTAC
Hacıqabul, Qəbələ, Zərdab və Şüvəlan Uşaq və Ailələrə Dəstək mərkəzləri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda aparılan döyüşlərdə şəhid olan qəhrəmanlarımızın, həmçinin qazilərimizin ailələrinə, eyni zamanda, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələrə səfər edilib.
Ailə Qadın və Uşaq problemləri Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, mərkəzlərin əməkdaşları ailələrin problemləri ilə tanış olaraq, onların həllində köməklik göstərilməsi üçün qeydə alınıb və ailələrə bayram sovqatı təqdim olunub.
Eyni zamanda, “Ailə könüllüləri” layihəsi çərçivəsində könüllü ailələrimizin müxtəlif ailələrə ziyarəti davam edir. Bu həftənin könüllüləri 44 günlük Vətən müharibəsində şəhid olan igidlərimizin ailələrini ziyarət ediblər.
Şamaxı rayonundan Həsənovlar ailəsi şəhid Ziyad Zərbəliyevin, Qazax rayonundan Məmmədovlar ailəsi şəhid Nicat Nəsibovun, Nizami rayonundan olan Nağıyevlər ailəsi şəhid Kamran Kazımovun, Salyan rayonundan Əliyevlər ailəsi şəhid Sabir Salahovun ailəsini ziyarət edərək problemləri ilə maraqlanıblar. Eyni zamanda, ailələrə bayram sovqatı təqdim olunub.