ELM VƏ TƏHSİL
Nur-Sultanda “Böyük Çölün tarixi: tarixdən müasirliyə” mövzusunda Avrasiya forumu keçirilib VİDEO
Nur-Sultan, 25 oktyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Nur-Sultanda “Böyük Çölün tarixi: tarixdən müasirliyə” adlı Avrasiya forumu keçirilib. L.N.Qumilyov adına Avrasiya Universitetində keçirilən forumda ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, elm adamları, türkologiya sahəsində aparıcı mütəxəssislər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, forumda Böyük Çölün tarixi və mədəniyyəti ilə bağlı aparılmış elmi-tədqiqat işlərinə dair fikir mübadiləsi aparılıb.
Universitetin rektoru, akademik Erlan Sıdıkov Böyük Çölün tarixinin Avrasiya məkanında uzun illər boyunca yaşayan xalqların salnamələrindən xəbər verdiyini bildirib. Qeyd edib ki, bu tarix Qərb və Şərq sivilizasiyalarının harmoniyasının nəticəsidir.
Avrasiya Universiteti ilə sıx əməkdaşlıqdan danışan Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov qeyd edib ki, 2010-cu ildən etibarən bu ali təhsil ocağında Heydər Əliyev adına Auditoriya fəaliyyət göstərir.
Diplomat qardaş xalq olduğumuz üçün forumun mövzusunun Azərbaycanla sıx bağlılığını, xalqlarımızın ortaq keçmişi, dəyərləri, mədəniyyəti, dili və dini olduğunu vurğulayıb. Qeyd edib ki, Qazaxıstan alimlərinin türk irsinin öyrənilməsindəki xidmətləri böyük əhəmiyyətə malikdir. Çox sevindirici haldır ki, Qazaxıstan rəhbərliyi elmin inkişafına diqqət yetirir və elmi-tədqiqat işlərinin aparılmasına təkan verir. Bunu Nursultan Nazarbayevin “Gələcəyə baxış: ictimai şüurun modernləşdirilməsi” və “Böyük səhranın yeddi özəlliyi” sərlövhəli proqram xarakterli məqalələri sübut edir. Bu məqalələr Azərbaycanda elmi ictimaiyyətdə də böyük maraq oyadıb.
Diplomat tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, “Böyük səhranın yeddi özəlliyi” məqaləsində yer alan “Türk sivilizasiyası” layihəsi, türk etnik qruplarının mədəniyyət günlərində Türkoloqların Dünya Konqresinin keçirilməsi təklifi bütün türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır. O vurğulayıb ki, bu məqalələr gənc tədqiqatçılara bir mesajdır və ölkələrimizin inteqrasiyası baxımından böyük əhəmiyyət kəsb edir.
Forumda çıxış edənlər bu cür tədbirlərin bəşər tarixində xüsusi rol oynadığını, türk sivilizasiyasının öyrənilməsi üçün yaxşı bir platforma olduğunu vurğulayıblar.
Qeyd edək ki, forum Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevin Dövlət Proqramı və ölkə başçısı Kasım-Jomart Tokayevin xalqa müraciəti çərçivəsində keçirilir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan