OĞUZ-QƏBƏLƏ-BAKI SU KƏMƏRİNİN LAYİHƏSİNİ ALMANİYA ŞİRKƏTİ HAZIRLAYACAQDIR
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, 2002-ci ilin dekabrında keçirilmiş müşavirədə ümummilli liderimiz Heydər Əliyev Bakı şəhərinin su təchizatını yaxşılaşdırmaq üçün Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi barədə tapşırıq vermişdi. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri həmin ərazidə su ehtiyatlarını dəqiqləşdirmək üçün hidroloji tədqiqatlar aparmışlar. Mütəxəssislərin rəyinə görə, dəniz səviyyəsindən 450-500 metr yüksəklikdə yerləşən bu zonada yeraltı suların istismar oluna bilən ehtiyatı saniyədə 15 kubmetrdən artıqdır. Suyun keyfiyyəti çox yüksəkdir. Ötən ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi məqsədəuyğun sayılmış və müvafiq texniki-iqtisadi əsaslandırmanın hazırlanması barədə tapşırıq verilmişdir.
Layihə-smeta sənədlərini hazırlamaq hüququnu müsabiqə yolu ilə Almaniyanın “CES Konsultinq Engineers” şirkəti qazanmışdır. Layihə hazırlanarkən su kəmərinin marşrutuna dair beynəlxalq səviyyəli müstəqil rəylər alınacaq, ətraf mühit məsələləri də qiymətləndiriləcəkdir.