OĞUZ ŞƏHƏRİNDƏ HEYDƏR ƏLİYEVİN BÜSTÜ AÇILMIŞDIR
Parka toplaşan yüzlərlə şəhər sakini bu əlamətdar hadisəni hərarətli alqışlarla, böyük fərəh və sevinclə qarşılamışlar.
Bu münasibətlə keçirilən təntənəli mərasimi Oğuz rayon icra hakimiyyətinin başçısı Kamil Rəhimov açaraq, bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr edən ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən ətraflı bəhs etmiş, dahi şəxsiyyətin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığını və sosial-iqtisadi sahədə böyük irəliləyişlərə nail olunduğunu diqqətə çatdırmışdır.
Milli Məclisin deputatı Eyvaz Qurbanov, rayon Ağsaqqallar Şurasının sədri Əhməd Əhmədov, Sosialist Əməyi Qəhrəmanı Ziyafət Əliyeva, YAP rayon təşkilatının sədri Azad Əliyev və Yaqublu kənd sakini Aygün İmamverdiyeva çıxış edərək, rayon ictimaiyyətini əlamətdar hadisə münasibətilə təbrik etmişlər.
Sonra Yeni Azərbaycan Partiyasının sıralarına yenicə daxil olmuş üzvlərə partiya biletləri təqdim olunmuşdur.
Mərasimin sonunda məktəblilərin ifasında dahi rəhbərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, musiqi nömrələri ifa olunmuşdur.