Oğuzda 250-dən çox şəxsi heyətin iştirakı ilə irimiqyaslı mülki müdafiə təlimi VİDEO
Oğuz, 29 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Oğuz rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimdə FHN-in aidiyyəti yerli strukturları, rayonun hüquq-mühafizə orqanları, Fövqəladə Hallar Komissiyası, İcra hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların əməkdaşları və mülki müdafiə sahəsinə cavabdeh şəxslər, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.
Əvvəlcə, Oğuz rayonunda təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə keçirilib. Müşavirədə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində qurumların birgə fəaliyyətinin və əməkdaşlığının əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını diqqətə çatdırıb.
Müşavirədə çıxış edən Şimal-Qərb Regional Mərkəzinin rəisi polkovnik Ceyhun Babayev mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib.
Sonra kompleks mülki müdafiə təliminə start verilib.
Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub. Bununla yanaşı, təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.
Kompleks mülki müdafiə təliminə, ümumilikdə 254 nəfərdən ibarət şəxsi heyət və 41 ədəd texnika cəlb edilib. Tədbirin gedişində FHN qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə, qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Müxbir - Rasim İslamoğlu