Oğuzda buraxılış imtahanları iki mərkəzdə aparılıb
Oğuz, 16 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 16-da qurumun Şəki regional bölməsinin əhatə etdiyi Oğuz rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Oğuz rayonunda 2 mərkəz ayrılıb. Buraxılış imtahanları Oğuz şəhərindəki 1 saylı və Padar kənd tam orta məktəblərdə təşkil olunub.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq hər iki imtahan mərkəzində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ümumilikdə, 372 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 5 imtahan rəhbəri və 38 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 31 otaq ayrılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.
Regional bölmədən verilən məlumata görə, hər iki imtahan mərkəzində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.