“Oğuzda payızın rəngləri” adlı fotomüsabiqənin qalibləri müəyyənləşib
Oğuz, 19 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə foto sənətinə marağın artırılması, təbiət gözəlliklərinin tərənnümü və istedadların aşkar edilməsi məqsədilə həvəskarlar arasında keçirilən “Oğuzda payızın rəngləri” adlı fotomüsabiqəyə yekun vurulub.
Regional İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, noyabrın 25-də startı verilən müsabiqəyə 52 iştirakçı tərəfindən mövzu ilə bağlı 120-dən çox foto təqdim edilib. Fotolar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Fotomüsabiqənin yekunlarına əsasən, Fateh Şükürlü birinci yerə layiq görülüb. Nigar Cəfərova və Nərgiz Hüseynli müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Fotomüsabiqənin qalibləri Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar. Bundan əlavə, müsabiqədə fərqləndiklərinə görə Ayşən Mikayılzadə, Ayşə Kuhi və Uğur Babayevə diplomlar təqdim olunub.