Oğuzun Xaçmaz kəndində çay sahilində küp qəbirlər aşkarlanıb VİDEO
Oğuz, 11 iyul, AZƏRTAC
Oğuzun ucqar Xaçmaz kəndi qədim yaşayış məntəqələrimizdən biridir. Kənd mənbəyini Böyük Qafqazdan götürən Qala çayın sol sahilində yerləşir.
AZƏRTAC xəbər verir ki, Xaçmaz kəndinin sakinləri bu qədim yaşayış məntəqəsinin kənarından axan Qala çayının sol sahilində küp qəbirlər aşkarlayıblar.
Sakinlər məsələ barədə müvafiq orqanları məlumatlandırıblar və ərazidə arxeoloji, ya da tədqiqat işlərinin aparılmasını zəruri hesab edirlər.
Kənd sakini, tarix müəllimi Vüsal Əlfiyev deyir ki, Xaçmaz kəndi zaman-zaman dağıdıcı daşqınlara məruz qalıb. Sakinlər əsasən yaz və payız aylarında baş verən daşqınlardan sonra çayın sahili boyunca insan sümüklərinə rast gəlirlər. Nəhayət sakinlər son daşqınlardan sonra bu qəbirlərin yerini müəyyən edə biliblər.
“Ehtimallara görə, bu qəbirlər Erkən Orta əsrlərə aiddir. Çünki bu tip qəbirlər həm xristian, həm də müsəlman dəfn adətlərində olub. Qəbirlərin baş hissəsi günbatana, yəni Qərbə baxır. Bizim əvvəllər buradan tapdığımız insan kəllələrindəki dişlər sağlam idi. Bu onu göstərir ki, onlar gənc insanlar olub”, - deyən tarix müəllimi ərazidə arxeoloji qazıntıların aparılmasının vacibliyini vurğulayıb.
Sakinlərin aşkarladığı qəbirlərlə bağlı AMEA-nın Şəki Regional Elmi Mərkəzinin də mövqeyini öyrəndik. Bildirildi ki, belə qəbirlərə əvvəllər də bölgənin digər ərazilərində təsadüf edilib. “Bu qəbirlərin dəqiq tarixini müəyyən etmək üçün həmin ərazilərdə arxeoloji qazıntıların aparılması vacibdir”, - deyən Elmi Mərkəzin əməkdaşı Elşən Abdurahmanovun sözlərinə görə, yaxın günlərdə əraziyə baxış keçiriləcək və ondan sonra müvafiq tədbirlər görüləcək.