REGİONLAR
Ölkə üzrə taxıl sahələrinin 83,4 faizində biçin başa çatıb
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub. İyulun 10-na olan operativ məlumata görə, ölkə üzrə taxıl sahələrinin 83,4 faizində biçin başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, biçin aparılmış 847806,6 hektar sahədən 2,66 milyon tondan çox məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 31,5 sentner təşkil edir.
Hazırda biçin əsasən dağətəyi və dağlıq ərazilərdə aparılır. Biçin prosesinə 804 kombayn cəlb olunub. Bunlardan 216 kombayn "Aqrolizinq" ASC-nin biçin zonasındakı aqroservislərinin balansında olan kombaynlardır. Bundan başqa, "Aqrolizinq" ASC tərəfindən digər bölgələrdən biçin zonasına əlavə 124 kombayn dislokasiya edilib. Biçində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 464 kombayn da iştirak edir. Bu günədək "Aqrolizinq" ASC-nin kombaynları tərəfindən 266 min 995 hektar sahədə biçin həyata keçirilib.
Biçin prosesi davam edir.