İQTİSADİYYAT
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Bakı, 27 noyabr, AZƏRTAC
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 238 min ədəd artaraq 19 milyon 162 min ədəd təşkil edib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18,2 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20,5 faiz, kredit kartları üzrə 3,5 faiz təşkil edib.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə artıb. 2024-cü ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,506 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6,359 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,139 milyon manatı POS-terminallar, 7,2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63,8 faizini təşkil edib.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 5,3 faiz, POS-terminalların sayı 30,5 faiz artıb.