MƏDƏNİYYƏT
Ölkəmizdə Ümumdünya Turizm Günü və "İrs günləri" layihəsi qeyd olunacaq
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 25-dən 27-dək Azərbaycanda Ümumdünya Turizm və "İrs günləri"nə həsr edilmiş müxtəlif tədbirlər keçiriləcək.
Sentyabrın 27-si Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə hər il dünyada Ümumdünya Turizm Günü kimi qeyd edilir. Beynəlxalq ictimaiyyət arasında turizmin siyasi, sosial, mədəni və iqtisadi dəyərlərin inkişafında rolunu vurğulayan bu layihə hər il Azərbaycanda da qeyd olunmaqdadır.
Qeyd edək ki, hər il sentyabrın sonu oktyabrın əvvəlində ölkəmizdə "İrs Günləri" layihəsi keçirilir. Layihə maarifləndirici kampaniyalar, "açıq qapı" günləri, folklor gecələri, rəsmi açılışlar və etnoqrafik şənliklər formasında qeyd olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişinin təmin olunması, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb edilməsi və milli mədəni irsin təbliğindən ibarətdir.
Azərbaycanda Ümumdünya Turizm Günü" və "İrs günləri"nin qeyd edilməsi ilə bağlı iki gün ərzində ölkənin ən mühüm mədəniyyət təsisatları ödənişsiz xidmət göstərəcəkdir. Buraya
Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, "Qobustan" Milli Tarix-Bədii Qoruğu, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu və başqaları daxildir.
Hər il sözügedən layihələr bir çox dünya ölkəsində keçirilir və müəyyən olunmuş günlərdə ziyarətçilər üçün minlərlə abidələrə və tarixi yerlərə ödənişsiz giriş təmin edilir. Bu təcrübə ilə insanlar yalnız mədəni irsin zənginliyindən zövq almır, eyni zamanda indiki və gələcək nəsil üçün onların qorunmasına və vəziyyətinin yaxşılaşdırılması işlərinə fəal şəkildə cəlb olunur. Hər il təxminən 50 milyona yaxın insan bu təşəbbüsdən yararlanır. Layihələrin qeyd olunacağı günlərdə yuxarıda adları göstərilən mədəniyyət təsisatlarına 30 minə yaxın ziyarətçinin baş çəkməsi nəzərdə tutulur.