Ölkəmizin turizm potensialının təbliği ilə bağlı plan hazırlanır
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycanın turizm potensialının xarici ölkələrdə təbliği Mədəniyyət və Turizm Nazirliyinin əsas funksiyalarından biridir. Xarici ölkələrdə həyata keçirilən layihələr çərçivəsində ölkəmizin turizm potensialının daha da effektiv təbliği məqsədilə sistemli yanaşmaya əsaslanan planlaşdırma aparılmaqdadır. Qeyd edilən məsələ ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qarşıya qoyulmuş məqsədlərin səmərəli həyata keçirilməsi üçün konkret tədbirləri və eləcə də onların keçiriləcəyi ölkələri müəyyən edən illik marketinq planı hazırlanır.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, hazırlanan plana 2016-cı il üzrə iyirmiyədək beynəlxalq turizm sərgisində iştirak, xarici media və turizm şirkətlərinin nümayəndələrinin ölkəmizə səfərinin təşkili, sosial şəbəkələrdə təbliğat və reklam da daxil edilməklə elektron marketinq fəaliyyətinin aparılması, Azərbaycan və xarici turizm sənayesinin nümayəndələrinin iştirakı ilə təqdimatların və işgüzar görüşlərin təşkil edilməsi kimi məsələlər daxildir. Eyni zamanda, növbəti il üzrə "CNN", "Euronews" və digər məşhur televiziya kanallarında, habelə nəşriyyat materiallarında müvafiq reklam məhsullarının yayılması, bir sıra ölkələrin böyük şəhərlərində Azərbaycana həsr edilmiş küçə reklam kampaniyalarının aparılması kimi məsələlər öz əksini tapacaqdır. Hazırlanan planın xüsusi seqmentlərindən birini də ölkəmizin Almaniya və İran körfəzi ölkələrində turizm təmsilçiliyini həyata keçirən şirkətlərin fəaliyyəti təşkil edir.
Qeyd olunan tədbirlərin Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, Polşa, Türkiyə, İran, Rusiya, Qazaxıstan, Yaponiya, ABŞ və digər ölkələrdə həyata keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, Azərbaycanda daxili turizm və onun ölkə vətəndaşları arasında təbliği də nazirliyin əsas prioritetlərdən biridir. Belə ki, 2016-cı il üzrə marketinq planına əsasən yerli jurnalistlərin və turizm sənayesi nümayəndələrinin xüsusi olaraq müəyyən edilmiş daxili infoturlarla səfərinin təşkili, milli televiziya kanallarında ölkəmizin daxili turizm potensialının təbliğinin həyata keçirilməsi, daxili turizm yarmarkalarının və digər kütləvi tədbirlərin reallaşdırılması nəzərdə tutulub.