Ölkənin 54 yaşayış məntəqəsində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
Bakı, 2 sentyabr, AZƏRTAC
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə bütün Xəzərsahili yaşayış məntəqələrində formalaşan tullantı sularının qüvvədə olan normativlərə uyğun təmizlənərək kənarlaşdırılması, o cümlədən respublikanın digər şəhərlərində, çay və digər su hövzələrinə axıdılan tullantı sularının təmizlənməsi və kənarlaşdırılması istiqamətində layihələr hazırlanıb. Respublikanın 54 yaşayış məntəqəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə layihələrin icrasına başlanılıb. Bunlardan 30-da eyni zamanda tullantı su sistemlərinin inşası işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu “Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
B.Kəngərli bildirib ki, iyirmi dörd yeni təmizləyici qurğunun inşası başa çatdırılıb. Onlardan 20-nin istismara verilməsinə nail olunub. Dörd qurğunun da istismara verilməsi üçün müvafiq hazırlıq işləri davam etdirilir. O cümlədən həmin tədbirlər həm də Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrində formalaşan tullantı sularının kənarlaşdırılmasına aid də layihələrdə öz əksini tapıb. Hazırda “Azərsu ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə bu işlərin sürətləndirilməsi istiqamətində müvafiq proqramları həyata keçirir.