Ölkənin ən böyük intellektual turnirin qalibi Qubada müəyyənləşir
Quba, 9 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qubada ölkənin ən böyük intellektual turniri - “İntellektual Klubların IV Gənclər Liqası”nın final mərhələsinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edəcək bilik mübarizəsində 32 komanda iştirak edir.
“İntellektual Klubların IV Gənclər Liqası” Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.
Tədbirin açılış mərasimində Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov və başqaları çıxış edərək turnirin əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində keçirilən turnirin əsas məqsədi intellektual oyunların gənclər arasında təbliği, onların asudə vaxtlarının faydalı təşkili, region gənclərinin şəbəkələşməsi, intellektual potensialı olan gənclərin aşkara çıxarılması və Heydər Əliyev irsi barədə gənclərin maarifləndirilməsidir.
2019-cu ildən bəri mütəmadi olaraq keçirilən turnir bu günədək 20 mindən çox gənci əhatə edərək onların intellektual səviyyələrinin təkmilləşdirilməsinə, həmçinin şəbəkələşməsinə təkan verib.
“Böyük final”da komandalar “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq” və “Erudit Kvartet” oyunları üzrə yarışacaqlar.